Azərbaycan Dövlət İqtisad Universitetinin ISE Nextgen İnnovators klubunun təşəbbüsü ilə APFM komitə üzvlərinin universitetdə ilk tədbiri uğurla keçirildi. Tədbir tələbələrin fəallığı və qonaqların peşəkar təqdimatları ilə zənginləşərək maraqlı və faydalı bir mühit yaratdı.
Tədbirin əsas spikeri Emin Kazımov “Maliyyə və mühasibatlıq çərçivəsində karyera inkişafı: imkanlar, çağırışlar və hədəflər” mövzusunda çıxış etdi. Çıxışında o, tələbələrə maliyyə sahəsində mövcud olan müxtəlif karyera imkanlarını, qarşıya çıxan çağırışları və uğurlu karyera qurmaq üçün strategiyaları ətraflı izah etdi. Emin Kazımov həmçinin real iş təcrübələrindən nümunələr gətirərək tələbələrə praktik məsləhətlər verdi, sualları cavablandırdı və iştirakçıların fərdi maraqlarına uyğun yönləndirmələr etdi.
Tədbirdə APFM-in idarə heyətinin sədri Nuriyyə Novruzova tələbələrə təşkilatın fəaliyyətləri və məqsədləri barədə geniş məlumat verdi. O, APFM-də karyera imkanlarını, təcrübə və inkişaf perspektivlərini ətraflı təqdim etdi. Nuriyyə Novruzova, həmçinin tələbələrin gələcək planlarını necə formalaşdırması və peşəkar bacarıqlarını necə inkişaf etdirməsi barədə tövsiyələr verdi.
Təlim və inkişaf üzrə menecer Gülnarə Qənbərova çıxışında peşəkar inkişafın əhəmiyyətini və tələbələrin təhsil müddətində hansı bacarıqları inkişaf etdirməli olduqlarını detallı şəkildə izah etdi. O, təlim proqramlarının strukturu, praktiki layihələrdə iştirak imkanları və karyera yönümlü bacarıqların artırılması yolları barədə iştirakçılara faydalı məlumatlar təqdim etdi.
Marketinq departamentinin əməkdaşı Vüsalə Məmmədli öz təqdimatında marketinq sahəsində aktual trendləri, FİNANSİST jurnalının fəaliyyəti və praktik marketinq layihələri haqqında məlumatlar bölüşdü. O, həmçinin tələbələrə öz sahələrində bacarıqlarını daha da artırmaqla və gələcəkdə APFM layihələrində iştirak üçün potensial əməkdaşlar olacaqlarını qeyd etdi.
Tədbir interaktiv formatda keçdi, iştirakçılar spikerlərlə birbaşa ünsiyyət qurdu, suallar verdi və sahə üzrə praktiki biliklər əldə etdilər. Görüş həmçinin tələbələr üçün karyera istiqamətində motivasiya mənbəyi oldu və onların gələcək planlarını formalaşdırmaqda faydalı oldu.
APFM olaraq biz tələbələrin peşəkar inkişafını dəstəkləməyə, onları real iş dünyasına hazırlamağa və innovativ layihələrdə iştirak etməyə davam edəcəyik. Belə görüşlər tələbələrin bilik və bacarıqlarını artırmaq, onları sahə üzrə aktual imkanlarla tanış etmək üçün əhəmiyyətli platformadır.