Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) ölkəmizdə maliyyə və mühasibatlıq sahəsində standartların yüksəldilməsi, peşəkar mütəxəssislərin yetişdirilməsi və onların nailiyyətlərinin qiymətləndirilməsi istiqamətində növbəti möhtəşəm layihəsini reallaşdırdı. Ənənəvi olaraq keçirilən və böyük maraqla gözlənilən "APFM AWARDS" mükafatlandırma mərasimi bu il də öz sahəsinin ən yaxşılarını bir araya gətirdi.
APFM AWARDS sadəcə bir mükafat deyil; bu, maliyyəçilərin göstərdikləri yüksək peşəkarlığın, etik prinsiplərə sadiqliyin və şəffaflığın rəmzidir. Tədbirin əsas məqsədi: maliyyə və mühasibatlıq peşəsinin nüfuzunu artırmaq, sahə üzrə fərqlənən mütəxəssisləri və qurumları motivasiya etmək, beynəlxalq standartların yerli bazarda tətbiqini stimullaşdırmaqdır.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, akademik dairələr, beynəlxalq tərəfdaşlar və 200-dən çox korporativ və fərdi üzv iştirak etmişdir.
"Bu mükafat maliyyə sahəsində çalışan mütəxəssislərin məsuliyyətli fəaliyyətinin və peşəkar standartların inkişafına verdikləri töhfələrin bariz göstəricisidir." — Nuriyyə Novruzova, APFM İdarə Heyətinin sədri.