Əmək Hüququ və Maliyyə İntizamı: İşəgötürənlərin Öhdəliklərinə dair Praktiki Seminar Keçirildi
Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) üzvlərinin həm maliyyə, həm də hüquqi biliklərinin artırılması məqsədilə növbəti maarifləndirici seminarını təşkil etdi. “Əmək münasibətləri və maliyyə intizamı: İşəgötürənin öhdəlikləri” mövzusuna həsr olunmuş tədbirdə maliyyə menecerləri və mühasiblər üçün kritik əhəmiyyət kəsb edən məsələlər ətrafında geniş müzakirələr aparıldı. Seminarın moderatoru, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü və "Əmək hüququ Komitəsi"nin sədri, tanınmış hüquqşünas Elvin Novruz idi. Ekspert tədbir boyu əmək qanunvericiliyinin maliyyə intizamı ilə kəsişdiyi məqamları iştirakçıların diqqətinə çatdırdı və praktiki keyslər üzərindən izahlar verdi.
İntensiv keçən proqram çərçivəsində aşağıdakı istiqamətlər üzrə ətraflı məlumat təqdim olundu: Əmək münasibətləri: Hüquqi tərəflər və anlayışlar; İş və istirahət vaxtının tənzimlənməsi: İş vaxtı rejimi və məzuniyyət hüquqlarının maliyyə tərəfləri; Əməyin ödənilməsi: Əmək normaları və əməkhaqqı hesablanmasında şəffaflıq; İntizam və Məsuliyyət: Əmək və icra intizamı, tərəflərin qarşılıqlı maddi məsuliyyəti; Hüquq pozuntuları: Müəyyən olunmuş qaydaların pozulmasına görə tətbiq edilən hüquqi və inzibati məsuliyyət.
Tədbirin ən maraqlı hissələrindən biri iştirakçıları gündəlik iş fəaliyyətində düşündürən sualların cavablandırılması oldu. Elvin müəllim həm işçilərin, həm də işəgötürənlərin hüquq və vəzifələrini qanunvericiliyin tələbləri çərçivəsində şərh edərək, maliyyə mütəxəssislərinə riskləri necə minimuma endirməli olduqlarını izah etdi.
Faydalı məlumatlar və yüksək səviyyəli təqdimat üçün Elvin Novruza öz dərin təşəkkürümüzü bildiririk. Bu cür peşəkar seminarlar üzvlərimizin fəaliyyətində qanunçuluğun və şəffaflığın təmin olunmasına mühüm töhfə verir.